Azərbaycan idmançıları hərbçilərin VI Dünya Oyunlarından 10 medalla qayıtdı

Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI Dünya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları bu gün vətənə qayıdıblar.

 

APA TV-nin xəbərinə görə, bu idmançılar Azərbaycanı oyunlarda boks, cüdo, güləş və taekvondo növlərində təmsil ediblər.

 

Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi, polkovnik-leytenant Rəşad Quliyev bildirib ki, dünyanın 120 ölkəsindən 8100 idmançının qatıldığı yarışda Azərbaycan 15-ci yeri tutub. Azərbaycan idmançıları 2 qızıl, 4 gümüş və 6 bürünc medal qazanıblar: “Yarışların ilk günündə cüdoçularımız komanda şəklində üçüncü yerlə mükafatlandırılıblar. Bütün idmançılarımız çox böyük əzmkarlıq göstərərək, nailiyyətlərə imza atıblar. Rusiya, Braziliya və İran yarışda güclü heyətlə iştirak edirdi. Dünya Hərbi İdman Şurasının Hərbi İdman Oyunlarının əhəmiyyəti böyükdür. Bu baxımdan hesab edirəm ki, biz oyunlarda uğurla çıxış etdik”.

 

Yunan-Roma güləşçisi Rafiq Hüseynov bu yarışda ilk dəfədir çıxış edib: "Getməmişdən öncə fikirləşirdim ki, dünya çempionatı kimi çətin olmaz. Amma çəki kontrolunda gördük ki, yox, doğrudan da bu yarış əsl tərifəlayiq yarışdır. Çünki bu yarışda dünyanın ən güclü idmançıları iştirak edirlər. Hətta mənim çəkimdə dünya çempionatında iştirak etmiş bütün idmançılar orda idilər".

 

Yığma komandanın üzvü Ağahüseyn Mustafayevin sözlərinə görə, yarış çox səviyyəli və güclü idi: "Mən rus idmançısına yarımfinalda 3:1 hesabı ilə uduzdum. Rus idmançısı çox güclü idmançıdır, hər kəs onu dünya arenasında tanıyır. Deyərdim ki, Avropa çempionatından da güclü idi.  Çempion olmağa getmişdim, medalla qayıtdıq".

 

MOİK-in Cudo bölməsinin baş məşqçisi Rauf Vəliyev idmançılarımızın qızıl medal qazanmamasından təəssüflənir: "60 kq çəkidə Vüqar Şirinli finala çıxdı, qabırğası sınıq idi. Finalda güləşdi və travmaya görə demək olar ki, qalib gələ bilmədi. O da çempion olmalı idi. Biz ona elə tapşırıq verdik ki, bunu güləş, şəxsi birincilikdə güləşməsən də, olar. Elə oldu ki, birinci oyun erməni güləşçisi ilə çıxdı. Biz də artıq geri dönə bilməzdik. Vüqar kişiliyini göstərdi və çıxıb təmiz fəndlə qalib gəldi. Ardıcıl olaraq belə travma ilə finala çıxdı və finalda məğlub oldu. Nəticələr bizdə 66 kq çəkidə Nicat Şıxəlizadə 3-cü yerə, Hüseyn Rəhimli 73 kq çəki dərəcəsində 3-cü yerə, Elmar Qasımov 100 kq çəkidə 3-cü yerə çıxdı. Bütün idmançılar medalla qayıtdı. Komanda şəklində 56 ölkədən təkcə cüdoda 56 ölkə var idi. Bütün idman növlərindən biz komanda hesabında 19-cu yerə çıxdıq".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova