Ali Məhkəmə İlqar Məmmədov və Tofiq Yaqublu barəsində qərarı ləğv etdi

Bu gün Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, prosesdə İlqar Məmmədovun vəkili Fuad Ağayev çıxış edib. O bildirib ki, İlqar Məmmədovun barəsində Avropa Məhkəməsi və Avropa Şurası Nazirlər Komitəsi qətnamə qəbul edib: “Bütün sənədlərdə İlqar Məmmədovun yubanmadan azadlığa buraxılması tələb olunur”.

 

Vəkil məhkəmədən kassasiya şikayətinin təmin olunmasını və İlqar Məmmədovun barəsindəki cinayət işinə xitam verilməsini xahiş edib.

 

Daha sonra çıxış edən Tofiq Yaqublunun vəkili Nemət Kərimli isə prosesin həddindən artıq uzanmasına etiraz edib.

 

Dövlət İttihamçısı Rəsul Abbasov prosesdə çıxış edərək, cinayət işinə xitam verilməsinə ehtiyac olmadığını, əvvəlki məhkəmə instansiyalarında həmin şəxslərin təqsirinin sübuta yetirildiyini qeyd edib. Bundan əlavə, o bildirib ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə müdafiəçilər tərəfindən verilən bəzi vəsatətlər təmin edilməyib, bu da Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin pozulması kimi qiymətləndirilə bilər. Dövlət ittihamçısı buna görə məhkəmədən müvafiq qərar qəbul etməyi xahiş edib.

 

Müşavirədən sonra hakim qərarı elan edib. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

 

Xatırladaq ki, Tofiq Yaqublu və İlqar Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Müəllif | Apa.Tv
Apa.tv