Lənkəranda 76 ədəd tank əleyhinə mina zərərsizləşdirildi

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi əməliyyat qrupu Lənkəran rayonunda dənizkənarı ərazilərin minalardan təmizlənməsi əməliyyatını artıq başa çatdırıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, aşkarlanmış daha 76 ədəd tank əleyhinə mina və 6 ədəd partlamamış hərbi sursat təhlükəsizlik tədbirləri çərçivəsində mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

 

ANAMA-nın əməliyyat meneceri Böyükağa Haqverdiyevin sözlərinə görə, sahilboyu ərazilər tank əleyhinə minalardan tam təmizlənsə də, aparılan müşahidələr göstərir ki, dənizdə suyun altında silah-sursat və mina təhlükəsi hələ də gündəmdə qalmaqdadır.  Dəniz səviyyəsinin  son 22 ildə xeyli qalxması nəticəsində  ərazidə olan iki  sovetdənqalma sursat anbarının  suyun altında qalması təmizləmə əməliyyatının uzanmasına səbəb olub. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2016-cı ildən etibarən  axtarış-əməliyyat tədbirləri suda davam etdiriləcək: "Ümumilikdə ANAMA tərəfindən Lənkəranda 200-dək tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Bu gün isə daha 76 ədəd tank əleyhinə mina və 6 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib. Bununla da dəniz sahilindəki quru ərazilərin təmizlənməsi başa çatdırılıb.  Nazirlər Kabinetinin qərarına əsasən 2016-cı ildən dənizin təmizlənməsi əməliyyatı planlaşdırılıb".

 

Müəllif | Apa.Tv