Ştefan Füle: “Ermənistanla münasibətlərə nöqtə qoymamışıq”
“Ermənistanın Avropa Birliyi ilə assosiativ saziş və azad ticarət müqaviləsi imzalamaqdan imtina etməsi İrəvanla Brüssel arasında münasibətlərə nöqtə qoyulduğu anlamına gəlmir”. Bu fikirləri Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle “Azatutyun” radiosuna müsahibəsində deyib. O Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində Ermənistanla hər hansı sənədin imzalanmayacağını bildirib. Ştefan Füle Ermənistanın Gömrük İttifaqına qoşulması qərarından şoka düşmədiyini deyib: “Biz bu qərara reaksiyamız Ermənistan vətəndaşlarının reaksiyasından fərqli olmadı. Kimsə “a” deyəndə, onun “b” deyə biləcəyini də nəzərə almaq lazımdır. Ermənistan prezidenti Gömrük İttifaqına daxil olmaq barədə qərarı açıqlayanda bilirdik ki, bundan sonra “Ermənistan Avropa Birliyi ilə də münasibətləri inkişaf etdirməyə hazırdır” tipli bəyanat eşidəcəyik. Ermənistanın qərar qəbul edərkən hansı amillərə və nöqteyi-nəzərə əsaslandığını anlamaq üçün xəritəyə baxmaq kifayətdir”.