Peyğəmbərin məzarı başından REPORTAJ
Həcc ziyarəti zamanı zəvvarların bir çoxu Mədinə şəhərinə də baş çəkir. APA TV-nin məlumatına görə, bura müsəlmanların ikinci müqəddəs şəhəri hesab olunur.
Həzrəti Peyğəmbər Məkkədə islamı yaymaq missiyasını təmsil etməyə başlayarkən təzyiqlə üzləşib. Çünki həmin vaxt ondan başqa "Allahdan başqa Allah yoxdur" deyən heç kim yox idi. Hər kəs bütlərə sitayiş edir, daşa, ağaca tapınırdılar. O, buna görə dəfələrlə döyülüb, daş-qalaq edilib. Nəhayət, doğulduğu Məkkə şəhərindən Mədinəyə köç edib. İslam təqvimi həmin gündən başlayıb.
Məhəmməd peyğəmbər Məkkədən Mədinədəyə köçərkən ilk dayandığı yer Quba adlanan ərazi olur. Bura İslam aləmində cümə namazı qılmaq üçün inşa edilən ilk məsciddir. Məhəmməd peyğəmbər Məkkədən Mədinəyə köçərkən Mədinənin 5 kilometr yaxınlığında olan Quba adlanan yerdə 14 gün qalıb və burada məscid inşa etdirib.
İki qibləli məscid. Məhəmməd peyğəmbər namazlarında qiblə olaraq Qüdsdə olan məscidi Aksaya yönəldirmiş. Məkkədən Mədinəyə köçdükdən sonra isə namaz zamanı qibləsini Kəbə tərəfə çevirib. Bunu görən bəzi səhabələr də namaz sırasında Kəbəyə tərəf yönləniblər. Beləcə, bura "İki qibləli məscid" adı verilib.
Bura Uhud dağıdır. Burada İslam tarixinin ən önəmli savaşlaırndan biri baş verib. Bura gələn qonaqlara Oxçular təpəsi və digər tarixi yerlər haqqında məlumat verilir.
Uhud Mədinəyə gələnlərin ziyarət etməli olduğu vacib yerlərdən biridir. Bədr savaşından sonra peyğəmbər tərəfdarları ilə müşrik ordusu arasında ikinci böyük savaş burada olub. Müşriklər intiqam almaq üçün Mədinəyə, peyğəmbər tərəfdarlarının arxasınca gəlirlər. Peyğəmbər 50 oxçusunu təpənin başında yerləşdirir və xüsusi tapşırıq verir ki, “Bizim onlara qalib gəldiyimizi, yaxud məğlub olduğumuzu görsəniz belə yerinizdən ayrılmayın”. Müşriklərin məğlub olub qaçdığını görən oxçular "Qənimət, qənimət" deyə qışqıraraq aşağı enir, qənimətləri aparmağa başlayıblar. Bunu görən müşriklər geri qayıdaraq onları məğlub edib. Beləliklə qazanılmış bir zəfər əldən verilir, 70 nəfər şəhid olur. Ziyarətçilərin bura gəlməsində məqsəd nəfslərinə hakim ola bilməyib məğlub olan din qardaşlarından dərs almaqdır. Həmin şəhidlər elə burada da dəfn olunublar.
Bura İslam dini uğurunda şəhid olanların yatdığı məkandır. Həzrəti Həmzə və Məhəmməd peyğəmbərin 40 səhabəsi burada dəfn edilib. Mədinəyə gələn insanlar mütləq buranı ziyarət edirlər.
Şəhərə daxil olan kimi Məhəmməd peyğəmbərin qəbrinin yerləşdiyi məscidə getdik. Tikintisində peyğəmbərin özünün də iştirak etdiyi bu məscid Məkkədəki Əl-Hərəm məscidindən sonra ikinci böyük məsciddir. Məscidin genişləndirilməsi işləri hələ də davam etdirilir. Hazırda ərazi 400 min kvadrat metrdir. 10 minarənin hər biri 105 metr hündürlüyündədir. Burada eyni vaxtda 700 mindən çox insan ibadət edə bilər.
Biz indi Məscidi-Nəbəvidəyik. Bura bütün müsəlmanların gəlib görmək istədiyi yerdir. İstər Həcc mövsümü zamanı, istərsə də başqa vaxtlarda bura insanlarla dolu olur. Burada islam dininin sonuncu peyğəmbəri olan Məhəmməd peyğəmbərin qəbri yerləşir. İnsanlar qəbri görmək üçün saatlarla növbə gözləyirlər.
Məhəmməd Peyğəmbərin qəbrinin olduğu zalın qapısı axşam saat 10-da və səhər 7 də açılır. Sonra isə bağlanır. Axşam saatlarında getsəm də izdihamdan içəri daxil ola bilmədim. Səhərə yaxın saat 4-də məscidə yola düşdüm. Mədinədə qaldığımız otelin qapısı məscidə açılırdı. Saat 7-də qapılar açıldı və həmin an böyük izdiham yaşandı. Qəbrin qarşısında hər kəs sağ əlini qaldıraraq peyğəmbəri salamladı, namaz qıldı, dualar oxundu. Peyğəmbərlər vəfat etdiyi yerdə dəfn edilirlərmiş. Məhəmməd peyğəmbər qəbri bu yaşıl qübbənin altındadır.
Mədinə şəhəri təmizliyi, sərin havası ilə seçilir. Şəhər başdan-başa otellərlə dövrəyə alınıb. Burada 700 ə yaxın otel var. Yerli ərəblər azdır. Burada həyat namaz vaxtına görə uyğunlaşdırılıb. Çin malı olsa da burada hər cür mal almaq mümkündür.
Elə ki azan verilir, burada bütün işlər dayanır, mağazalar bağlanır. Büsbütün şəriət qanunları ilə idarə olunan bu ölkədə əgər həmin vaxt kimsə işləyərsə, bu qanunsuz hesab edilir və həmin şəxsi cərimə gözləyir.
Digər şəhərlərdən fərqli olaraq, Mədinədə xeyli türk mağazasına, restoranına rast gəlmək mümkündür. Türkiyəlilər burada biznes qura biliblər.
Türkiyənin Konya şəhərindənik. Burada təsbeh, gümüş, hədiyyəlik əşyalar satırıq. Azərbaycanlılar həccə gəlirlər. Gümüş çox alırlar. İnci alırlar, çox sevirlər incini.
Zəvvarlar Mədinəyə gələrkən həm də bir hicrət etdiklərini düşünürlər. Dağlıq ərazilər keçdikcə o zaman bunun necə ağır və çətin olduğunu anlayırlar. İndi isə rahat yollar və sərin avtobuslar bunu hiss etdirmir. Məkkədən 450 kilometr uzaqlıqda yerləşən Mədinə İslamın dünyaya yayıldığı şəhərdir.