“Bomba Ankarada partlayacaq” anonsu verən iki PKK terrorçusu ələ keçdi

Türkiyənin paytaxtında törədilən dəhşətli terror aktından əvvəl sosial şəbəkələrdə "Bomba Ankarada partlayacaq!" paylaşımı edən iki PKK-lı saxlanılıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, araşdırmalar nəticəsində statusların hadisədən 9 saat öncə paylaşıldığı aydınlaşdırılıb.

 

Bu hesablar Pir Ozan Abdal ləqəbi ilə paylaşım edən @AnatolyTodorov, Dinebaraday ləqəbi ilə @DrBereday və @GoranMetsayan olaraq təyin olunub. Terror aktından bir gün öncə atılan twetlərə açılan araşdırma daxilində prokurorluq "Twitter"dən bəzi istifadəçi hesablarının İP nömrələrini istəyib. Twitter prokurorluğun istədiyi lazımi bilgiləri göndərib. Bu məlumatların əks olunduğu dosye oktyabrın 13-də axşam ABŞ-ın Ankaradakı səfirliyi tərəfindən Ankara Cümhuriyyət Baş Prokurorluğuna təqdim edilib. 

 

Saxlanılan şəxslərdən birinin Diyarbəkirdə doğulduğu, 1990-cı illərdə PKK-nın bir çox aktlarına qatıldığı, bu vaxta qədər iki dəfə polis nəzarətinə götürüldüyü, terror təşkilatının xarici ölkələrdəki qolları ilə bağlı olduğu müəyyənləşib.

 

İkinci şəxsin Suruçda anadan olduğu, 1997-ci ildən bu tərəfə Şanlıurfa və Diyarbəkirdə bir neçə terror aktında yer aldığı, PKK-nın silahla təmin edilməsində fəaliyyət göstərdiyi və Suriyanın Kobani şəhərində təlim keçdiyi aydın olub. Həmin şəxs 2013-2014-cü illərdə həbsdə olub və 7 iyun seçkilərində bir siyasi partiyadan millət vəkilliyinə namizəd olub.

Müəllif | Apa.Tv
Apa.tv