Məhkəmə Ankara terroru ilə bağlı xəbərlərin yayılmasını qadağan etdi
Ankara məhkəməsi kütləvi informasiya vasitələrinə Türkiyə paytaxtında ötən şənbə baş vermiş terror aktı ilə bağlı xəbərlərin yayılmasını qadağan edib.
APA TV-nin xəbərinə görə, məhkəmənin qərarında deyilir ki, bütün növ xəbər, müsahibə, tənqid və analoji yazıların mətbuat, televiziya, radio, sosial şəbəkələrdə yayılması qadağandır. Qərar dərhal qüvvəyə minib və KİV-ə bu barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, şənbə günü səhər saatlarında Ankarada həmkarlar və ictimai təşkilatların "Əmək, sülh və demokratiya" şüarı ilə təşkil etdiyi mitinqdən əvvəl partlayış baş verib. Rəsmi məlumatlara görə, hadisə nəticəsində 99 nəfər ölüb, 500-dən çox adam tibbi yardım üçün müraciət edib. Partlayış iki intiharçı-terrorçu tərəfindən dəmir yolu estakadasının altında həyata keçirilib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən axşam televiziya ilə çıxışında bildirib ki, 99 şəhiddən 94-nün şəxsiyyəti müəyyənləşdirilib. Ölənlərdən biri fələstinlidir.
Əhməd Davudoğlu bəyan edib ki, terror aktının sifarişçiləri müəyyən edilərək məsuliyyətə cəlb olunacaq.