Zaqatalada 14 yaşlı oğlan özündən böyük məktəblini qətlə yetirib - YENİLƏNİB

Zaqatalada iki məktəbli arasında dava olub, dava zamanı biri digərini bıçaqlayaraq qətlə yetirib. APA TV-nin məlumatına görə, hadisə oktyabrın 14-də axşam saat 21 radələrində Vidadi küçəsində yerləşən ikimərtəbəli yaşayış binasının qarşısında baş verib.

 

Hələlik istintaqa məlum olmayan səbəbdən Vidadi küçəsində anası ilə kirayədə qalan 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadə ilə 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov arasında dava olub. Dava zamanı 14 yaşlı Murad Məmmədov üzərində gəzdirdiyi bıçaqla 16 yaşlı İbrahim Əsədzadəyə çoxsaylı bıçaq xəsarətləri yetirib. İbrahim Əsədzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.


Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.
Qeyd edək ki, qətlə yetirilən İbrahim Əsədzadə Zaqatala şəhər 3 saylı məktəbinin, qətli törədən Murad Məmmədov isə Zaqatala şəhəri 2 saylı rus məktəbinin şagirdidir. 

Müəllif | Apa.Tv
Apa.tv