Suriyada “Əbu Yəhya” ləqəbli azərbaycanlı öldürülüb

Suriya rejiminə qarşı döyüşlərdə iştirak edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb. Onun milliyətcə çeçen olan Əbu Ömər ləqəbli terrorçunun rəhbərlik etdiyi “Mühacir və Ənsar Ordusu” adlı qruplaşmanın tərkibində döyüşlərdə iştirak etdiyi bildirilir. Mücahidlərə bağlı informasiya resurslarında bu qruplaşmanın tərkibində Azərbaycan vətəndaşlarından ibarət dəstə olduğu, öldürülmüş “Əbu Yəhya”nın həmin dəstəyə rəhbərlik etdiyi bildirilir.

Bu arada APA İnformasiya Agentliyi Suriyadakı cihad qruplarına məxsus saytlara istinadən “Əbu Yəhya əl Azəri” ləqəbli terrorçunun ölümünün təfərrüatları barədə məlumat yayıb. Məlumata əsasən, “Əbu Yəhya” ötən cümə günü Suriyanın Hama şəhərində gedən döyüşlərdə öldürülüb. Onun iştirak etdiyi dəstə hökumət qüvvələrinin 66 bölükdən ibarət hərbi bazasını mühasirədə saxlayan zaman təyyarələr ərazini bombardman ediblər. Bombardman nəticəsində ağır yaralanan “Əbu Yəhya” çox qan itirməsi nəticəsində dünyasını dəyişib. “Əbu Yəhya”nın həmin gün Hama şəhərinin Artma kəndində “Əbu Müslim” qəbristanlığında dəfn olunduğu bildirilir.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı