Vaşinqtondan Ankaraya cavab: PKK-nı dəstəkləyəcəyik
ABŞ-ın Dövlət Departamenti Türkiyənin Vaşinqtona etdiyi xəbərdarlığa münasibət bildirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, söhbət ABŞ və Rusiyanın Türkiyədəki səfirlərinin Xarici İşlər Nazirliyinə çağırılmasından və Vaşinqtonla Moskvanın PKK-nın Suriya qanadı olan PYD-ni silahlandırması ilə bağlı rəsmi Ankaranın etirazından gedir.
Türkiyənin baş naziri Əhməd Davudoğlu da məsələyə münasibət bildirib: "Əgər Amerikanın Suriyaya göndərdiyi silahlar bizə qarşı yönələrsə, cavabımız çox sərt olacaq".
Vaşinqtondan bildirilib ki, Türkiyənin narahatlığı anlaşılandır. Buna rəğmən İŞİD-lə mübarizənin Birləşmiş Ştatlar üçün bir nömrəli prioritet olduğu qeyd edilib və bu təşkilata qarşı olan hər bir qruplaşmaya verilən dəstəyin bundan sonra da davam etdiriləcəyi açıqlanıb.
Dövlət Departamentindən əlavə edilib ki, ötən həftə havadan atılan silahlar Suriyadakı müxaliflər üçün nəzərdə tutulub.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov verdiyi açıqlamada bildirib ki, Rusiyanın Türkiyədəki səfirini həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılmasından xəbərsizdir.