Göyçayda avtomobil 2 piyadanı vurub öldürdü

Göyçay-Ucar yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 9:00 radələrində yolun 8-ci kilometrliyində, Göyçayın Mallı-Şıxlı kəndi ərazisində qeydə alınıb.

 

Ucar sakininə məxsus 61 BD 618 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən yolun kənarı ilə gedən 4 piyadadan ikisini vurub. Nəticədə Göyçay rayonunun Xəlitli kənd sakinləri - 1993-cü il təvəllüdlü Mikayılov Elnur Firudun oğlu və 1977-ci il təvəllüdlü Hüseynov Zahid Veyis oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəsarət almasa da, qorxublar və onlara ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hadisəyə çiskinli havada sürücünün idarəetməni itirərək avtomobili yolun kənarına çıxarması səbəb olub.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.                        

 

Göyçayın mərkəzində iki nəfərin xəsarət alması ilə nəticələnən daha bir avtomobil qəzası baş verib. Mehdi Hüseynzadə küçəsində Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Asif Məmmədovun idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə qarşı tərəfdən gələn Çərəkə kənd sakini 1967-ci il təvəllüdlü Vüqar İsmayılova məxsus “VAZ 21015” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.    

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov