Azərbaycan yeni dərs ili başlayıb
Azərbaycanda yeni dərs ili başlayıb. Bu gün 141166 şagird ilk dəfə məktəbə qədəm basıb. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır.
Yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin I sinfinə 36102 şagird qəbul olunub. Onlardan 2400 nəfəri altı yaşı tamam olmamış, xüsusi istedada malik uşaqlardır.
Bu il 33745 abituriyent də rəsmən tələbə həyatına başlayıb.
Yeni tədris ili ərəfəsində Bakı şəhəri və respublikanın regionlarında 144 yeni məktəb binasının və 13 mövcud məktəbdə əlavə tədris korpuslarının tikintisi, 115 məktəbdə əsaslı təmir işləri həyata keçirilib.
Bu il ölkənin ümumi təhsil və ilk peşə-ixtisas məktəblərinə 1474 nəfər müəllim işə qəbul olunub. Onlardan 1116 nəfəri qadın, 358 nəfəri kişi müəllimdir.
Yeni tədris ilinin başlaması ilə əlaqədar prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Yasamal rayonundakı 158 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezidentə məlumat verib. 1850 şagird yerlik məktəb üç tədris korpusundan və bir yardımçı binadan ibarətdir. Məktəbin bütün sinif otaqları, fənn kabinetləri, yeməkxanası, kitabxanası, akt və idman zalları təmir edilib, yüksək standartlara uyğun şərait yaradılıb.
Yaradılmış şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb, yeni dərs ili münasibətilə onları təbrik edib.