İraq ordusu Rəmadiyə həlledici hücuma hazırlaşır
İraq Ər-Rəmadiyə hücuma hazırlaşır. APA TV-nin məlumatına görə, İraq ordusu İŞİD-in nəzarətində olan Ər-Rəmadi şəhərinə doğru əhəmiyyətli dərəcədə irəliləyib və hazırda şəhərin silahlılardan təmizlənməsi məqsədilə genişmiqyaslı həlledici hücuma hazırlaşır. Anbar əyalətində cəmləşən komanda-qərargah məntəqəsindən idarə olunan əməliyyatlar zamanı döyüşçülər Ər-Rəmadinin şimalındakı Əlbu-Fərrac vilayətinə nəzarəti ələ keçirib. Hazırda adı çəkilən şəhərdə 1000 nəfərədək döyüşçünün olduğu və onların yeraltı düşərgələrdə gizləndiyi ehtimal edilir. Çərşənbə axşamı rəsmi Vaşinqtonun yaydığı bəyanatda ordunun Ər-Rəmadini İŞİD-dən təmizləməyə tam hazır olduğu və prosesə yaxın günlərdə başlanılacağı açıqlanıb. Bu arada, İraqdakı ABŞ hərbi qüvvələrinin sözçüsü son 10 gün ərzində hərbi təyyarələrin Rəmadi səmasında 52 kəşfiyyat xarakterli uçuş həyata keçirdiyini söyləyib. O bildirib ki, ABŞ-ın may ayından etibarən endirdiyi hava zərbələri nəticəsində İŞİD liderlərindən hesab olunan 70 terrorçu məhv edilib.