Gəncədə maşın yoldan çıxaraq mağazaya çırpıldı
Gəncədə iki piyada vurulub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Gəncənin Nizami küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Fərid Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı həyata keçirən zaman maşın sürüşərək mağazaya çırpılıb. Qəza zamanı maşın səkidə olan piyada, Ağdaş rayon sakini, 1995-ci il təvəllüdlü, tələbə Afaq Bayramovanı vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan A. Bayramova Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Piyada ölümü ilə nəticələnən digər bir yol nəqliyyat qəzası isə Gəncə-Göygöl avtomobil yolunun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Göygöl şəhər sakini, 1933-cü il təvəllüdlü Valeh Musayev naməlum avtomobil tərəfindən vurulub. Yaralı hadisə yerində ölüb. Hər iki fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.