“Azəryolservis” payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir
2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən APA TV-yə verilən məlumata görə, ümumilikdə Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədi ilə 382 ədəd, respublika yollarına isə xidmət məqsədilə 659 ədəd yol texnikası, maşın və mexanizmlər saz vəziyyətə gətirilib. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyatı toplanır.
Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri də avam etdirilir. Bunun üçün yaxın günlərdə 1500 ton texniki duzun alınması ilə bağlı müqavilə də imzalanıb.
Payız-qış mövsümünə hazırlıq və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə “Azəryolsevis” ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.