Növbəti arakəsmə faciəsi: "Tofaş" deşik-deşik oldu

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib. APA TV-nin məlumatına görə, 44 yaşlı Eminov Mirməcid Mirəhəd oğlunun idarə etdiyi "Tofaş" markalı minik maşını dəmir arakəsmələrə çırpılıb.

 

Qəza zamanı dəmir arakəsmələr avtomobilin ön hissəsindən girərək arxa tərəfindən çıxıb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib. Qəza yerinə gələn nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları xüsusi alət və avadanlıqların köməyi ilə sürücünü avtomobildən çıxararaq təcili yardım briqadasına təhvil veriblər. Ağır yaralanan sürücü Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.

 

YPX əməkdaşı Tusi Bayramzadə bildirib ki, hadisə iştirakçısı 90 ZG 253 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomaşındır: "İlkin ehtimala görə, sürücü birtərəfli yolda hərəkət zolağını dəyişərək manevr edib. Nəticədə idarəetməni itirərək avtomobili yolun kənarında dəmir arakəsmələrə çırpıb. Sürücü avtomobildə tək olub. Ayağından ağır xəsarət alıb".

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv