Ərini öldürüb meşədə basdıran tibb bacısı və tanışı barəsində həbs qərarı verildi
Bir müddət əvvəl Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin qərarı ilə Lalə Mahmudova və Sədi Məmmədovun hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun qətl hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, paytaxtın hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Belə ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub əri Kamran Mahmudovu öldürmək məqsədilə sonuncuların yaşadığı mənzilə gəlib.
Sədi Məmmədov Kamran Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti Lalə Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Kamran Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb.
Cinayətin Sədi Məmmədov və Lalə Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar oktyabrın 3-də tutularaq istintaqa cəlb olunublar.