Astarada qiyməti 100 min dollar olan böcək tapılıb
Astara rayonunun Şiyəkəran kənd sakini, ixtisasca bioloq olan Yunus Qulamov evlərinin həyətyanı sahəsindən iki ədəd böcək tapıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Yunus müəllim birinin uzunluğunun 4-5 santimetr, digərinin isə 2 sm-ə yaxın olan böcəkləri kibrit qutusuna salaraq evə gətirib. Bir müddətdən sonra böcəkləri yoxlamaq istəyən bioloq onların saxlandığı qutuda olmadığını görüb.
Həyətyanı sahəsinə göz gəzdirən Yunus müəllim onlardan birini yenidən tutsa da, digərini tapa bilməyib. Bioloq çox nadir hallarda rast gəlinən bu növ böcəklərin alın hissəsində buynuz şəklində bir çıxıntı olduğu üçün onların “Kərgədan böcəyi” adlandırıldığını bildirib: "Nadir rast gəlinən böcək növlərindən biridir. Əsasən ekvatorun şimal yarımkürəsində yayılmış, yəni Asiya ərazisində yayılan bir böcək növüdür. Keçmişdə bizim bölgəmizdə daha çox rast gəlinərdi. Amma son dövrlərdə nadir hallarda rast gəlinir".
Respublikamızda nadir həşərat növü sayılan “Kərgədan böcək ləri” bir sıra xüsusiyyətlərinə görə dünyanın ən güclü böcəyi kimi tanınır. Böcəyin qiymətinin isə 90-100 min ABŞ dolları dəyərində olduğu bildirilir: "Bunlar yalnız Yaponiyada və bir çox ölkələrdə olur. Bunlardan döyüş məqsədilə istifadə edilir. Onlara döyüşkən “Kərgədan böcəkləri” deyilir, çünki bu böcəklərin öz çəkisindən 30 dəfə artıq ağır yük götürmək və çəkmək qabiliyyəti var. Ona görə bunlardan döyüşdə istifadə olunur, bunların hesabına pul qazanırlar. Həmin bu döyüşkən böcəklərin qiyməti 90-100 min ABŞ dollarına qədər arta bilir".
Gənc bioloqun sözlərinə hörə, “Kərgədan böcəyi” 5 sm, bəzi hallarda isə 10-12 sm-ə qədər inkişaf etmə xüsusiyyətinə malikdir. Hazırda plastik qabda saxlanılan “Kərgədan böcəyi” əsasən meyvə və tərəvəzlə qidalandırılır. Yunis müəllim bir müddətdən sonra böcəyi yenidən təbiətin qoynuna buraxacağını bildirir.