FHN Bakı Ali Neft Məktəbində təlim keçirdi

Bakı Ali Neft Məktəbində tələbə və müəllim kollektivi üçün “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı təlim kursu keçirilib.

 

APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, ARDNŞ-ın vitse-prezidenti Xalik Məmmədov və FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Kənan Aşurlu iştirak ediblər.

 

Nəzəri və praktik olmaqla iki hissədən ibarət keçirilən tədbir Bakı Ali Neft Məktəbinin rəhbər və işçi heyəti başda olmaqla, FHN Bakı Regional Mərkəzinin əməkdaşları və rəhbər heyəti, nazirliyin digər 7 qurumunun, eləcə də Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşlarının, media nümayəndələrinin və tələbələrin iştirakı ilə baş tutub.

 

Tədbirin nəzəri hissəsində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təhlükəli hadisələr zamanı necə davranılması, hansı tədbirlərin görülməsi və tədris saatlarında qəfildən baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı mühafizə və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmağın əhəmiyyətini qeyd edib.

 

FHN Bakı Regional Mərkəzinin rəisinin 1-ci müavini, polkovnik Elşən Əliyev təqdimatla çıxış edərək, tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi  və digər bu kimi məsələlərlə bağlı peşəkar səviyyədə məlumat verib.

 

Tədbirin praktik hissəsi zamanı FHN-in qurumları, Bakı şəhər təyinatlı digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də Bakı Ali Neft Məktəbinin müəllim və tələbələrinin iştirakı ilə, FHN qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə texnikası, alət və avadanlıqları təlimlərə cəlb olunaraq, taktiki-xüsusi təlim həyata keçirilib.

 

Hündür mərtəbələrdən xilasetmə, “işgüzar oyun” formatında təşkil edilmiş “partlayıcı qurğunun zərərsizləşdirilməsi”, “zəlzələ zamanı xilasetmə” və “yanğının söndürülməsi” əməliyyatları tələbələr tərəfindən böyük maraqla izlənilib və alqışlarla qarşılanıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova