Qubada 14 il əvvəl oğlunu öldürməkdə günahlandırılan 80 yaşlı ata və gəlini barədə həbs qərarı
Azərbaycanda 14 il əvvəl qətl törətməkdə təqsirləndirilən qayınata və gəlin barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, Quba rayon Məhkəməsinin qərarı ilə Həsən Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarla razılaşmayan Həsən Əliyev isə apellyasiya şikayəti verib. Onun şikayətinə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, Quba rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub. Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.
Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.