MTN daha bir qrup İŞİD-çini həbs etdi
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş daha 5 nəfər saxlanılıb.
MTN İctimai Əlaqələr İdarəsindən APA TV-yə verilən məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu şübhəli şəxs qismində tutulublar.
Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən cinayət işləri başlanıb. Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs-qətimkan tədbirləri seçilib.
Müəyyən edilib ki, Namiq Quliyev, Xalid Hacıverdiyev, Taleh Əhmədov, Elvin Əsgərov və Anar Mahmudov 2012-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhət ün-Nusra” və "Cumdul-Xilafə" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.