Nazirlik şirkətdən 47 mənzil alıb, şəhid ailələrinə verdi

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlilləri yeni evlərlə təmin edilib. APA TV-nin məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazır yaşayış binalarından alıb və 47 mənzili təmir edərək istifadəyə verib.

 

Nazirliyin Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev mənzillərin açarlarını sahiblərinə təqdim edib: "Bu evlər respublikanın rayon, şəhər İcra Hakimiyyətlərində mənzil növbəsində dayanmış 5731 Qarabağ müharibəsi və şəhid ailələrinin, 2014-cü ildən başlayaraq, 2018-ci ilin sonunadək fərdi evlə respublikanın 5 şəhərində mənzillə təmin edilməsi proqramına uyğundur. Eyni zamanda 375 fərdi evin tikinti işləri aparılıb və ötən həftə onlardan inşası yekunlaşanların da ilin sonunda sahiblərinə verilməsi planlaşdırılır".

 

Daha sonra yeni mənzillərə baxış keçirilib. Ailə üzvlərinin sayına olaraq təqdim olunan, hər biri iki və ya üç otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb.

 

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhərində, İmişli, Beyləqan və Şamaxı rayonlarında müharibə əlilləri və şəhid ailələri üçün çoxmənzilli olan yaşayış binaları da inşa edilir.

Müəllif | Apa.Tv
Apa.tv