Fətullah Gülənə yaxınlığı ilə tanınan kanalların yayımı dayandırılır
ABŞ-ın Pensilvaniya ştatında sığınacaq alan Fətullah Gülənə aid bütün telekanalların "Türksat" peyki vasitəsilə yayımı dayandırılıb.
APA TV-nin türk mətbuatına istinadən məlumatına görə, "Paralel dövlət"ə aid olduğu bilinən bütün televiziya kanallarının "Türksat 2A" peyki üzərindən yayımlanması qadağan edilib.
Bir müddət öncə Türkiyə Cümhuriyyəti Baş Prokurorluğu fətullahçı telekanalların yayımına son qoyulması məqsədilə "Digitürk" və "Teledünya" şirkətlərinə göndərdiyi məktubla həmin televiziya kanallarının bu platformalar vasitəsilə də yayımı dayandırılıb. Bu dəfə isə analoji addımı "Türksat" atıb. Şirkətdən yayımın dayandırılması ilə bağlı əlavə şərh verilməyib.
Qeyd edək ki, həmin kanallara "Samanyolu", "Bugün TV", "Yumurcak" və "Kanaltürk" daxildir. Kanalların yayımının dayandırılmasına səbəb onların efirində Türkiyənin konstitusional quruluşunun dəyişdirilməsinə hesablanan çağırışların səslənməsi olub.