Yollarda yağış-kanalizasiya quyuları təmizlənir
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərinin küçə və prospektlərində səth normal sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya quyularının təmizlənməsi işləri həyata keçirilir.
“Azəryolservis”dən APA TV-yə verilən məlumata görə, işlər çərçivəsində yol kənarlarında yerləşən yağış barmaqlıqları çıxarılır, yağış-kanalizasiya quyularının içərisi təmizlənir. Bundan başqa yağış barmaqlıqları olmayan yerlərdə yeni barmaqlıqlar qoyulur, dəyişilməyə ehtiyyac olanlar isə yenilərin ilə əvəzlənir.
İşlər Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin balansında olan və yağış-kanalizasiya sisteminin olduğu bütün küçə, prospektlərdə aparılır. Bu çərçivədə Ziya Bünyadov, Tbilisi, Azadlıq, Neftçilər, Heydər Əliyev və Nobel prospektlərində, Həsən Əliyev, Səməd Vurğun, Salamzadə, Bakıxanov, Ağa Nemətulla, Təbriz küçələrində, həmçinin Lökbatan dairəsi-Bibiheybət yolu, Binəqədi şosesi və Hava limanı istiqamətində başlanılan işlər artıq yekunlaşmaq üzrədir.
Bu istiqamətdə işlər nəinki paytaxt Bakının küçə və prospektlərində, həmçinin respublikanın bütün avtomobil yollarında da həyata keçirilir. Belə ki, körpülər yerləşən ərazidə çayların yataqları, suötürücü boruların giriş-çıxış hissələri və küvetlər təmizlənir.