Göyçayda yanğın! 15 mənzil alovdan mühafizə olundu – HADİSƏ YERİNDƏN

Göyçayda yaşayış binasında yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə oktyabrın 16-da saat 22:00 radələrində Göyçay şəhərinin Xətai küçəsində yerləşən kommunal tipli ikimərtəbəli, 16 mənzilli yaşayış binalarından birində qeydə alınıb. Şəhər sakini İbadov Bahadur Sədiyar oğluna məxsus ümumi sahəsi 58 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin bir otağı və mətbəxi içərisindəki əşyalarla birgə yanaraq yarasız hala düşüb. Yanğın zamanı bina sakinləri təxliyə edilib.

 

Yanğınsöndürənlər alova vaxtında müdaxilə etməklə evin qalan hissəsini və binadakı digər 15 mənzili yanğından mühafizə ediblər. İkinci mərtəbədə baş verən yanğının söndürülməsi zamanı istifadə olunan tonlarla su binanın birinci mərtəbəsində yaşayan ailənin mənzilini də yararsız hala salıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.   

Müəllif | Apa.Tv
Elvin Yaqubov