Şok iddia: Almaniya 2006-cı ildə dünya çempionatının ev sahibliyini rüşvətlə alıb!
Almaniyanın 2006-cı il futbol üzrə Dünya Çempionatının ev sahibliyini əldə etmək məqsədilə FİFA İcraiyyə Komitəsinin dörd üzvünü satın almaq üçün rüşvət verdiyi barədə iddialar ortaya çıxıb. APA TV xəbər verir ki, şok iddia ilə "Spiegel" jurnalı çıxış edib.
Jurnal yazır ki, 2006-cı ildə Almaniyanın Təşkilat Komitəsi o vaxt "Adidas" şirkətinin idarə heyətinin rəhbəri olmuş Robert Lui-Dreyfus vasitəsilə FİFA İcraiyyə Komitəsində dörd səsi satın almaq üçün 6,7 milyon avro ödəyib.
Məlumata görə, rüşvət verilməsindən Almaniyanın Təşkilat Komitəsinin sədri Frans Bekenbauer və Almaniya Futbol Federasiyasının prezidenti Volfqanq Nirsbaxın da xəbəri olub. "Adidas"ın rəhbəri Robert Lui-Dreyfus 6,7 milyon dolları Dünya Çempionatının harada keçiriləcəyinə qərar verildiyi 6 iyul 2000-ci il ərəfəsində Almaniyanın Təşkilat Komitəsinə borc veribmiş. Bu məbləğ təşkilat komitəsinin büdcəsində yer almayıb.
6,7 milyon qarşılığında FİFA-nın 24 nəfərlik İcraiyyə Komitəsinin dörd asiyalı üzvü Almaniyanın lehinə səs verib. Həmin səsvermədə Almaniya cəmi bir səslə qalib gəlmişdi.
Almaniya Futbol Federasiyası rüşvət iddialarını rədd edib. Federasiyanın bəyanatında deyilir ki, bununla bağlı daxili araşdırma aparılıb və heç bir qanunsuzluq aşkarlanmayıb. Qurum bildirir ki, 6,7 milyon dollar 2006-cı il Dünya Çempionatı ərəfəsində FİFA-nın həyata keçirdiyi mədəniyyət proqramlarına xərclənib.