Vaşinqton: Tehran şərtləri pozdu, buna görə cavab verəcəklər!


ABŞ İranı ballistik raketlərin istifadəsinə tətbiq edilən qadağanı pozmaqda ittiham edib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bildirib ki, İran tərəfindən ballistik raketlərin sınaqdan keçirilməsi Təhlükəsizlik Şurasının bu ölkəyə tətbiq etdiyi müvafiq qadağanın pozulmasından başqa bir şey deyil.

"Rəsmi Vaşinqton İranın oktyabrın 10-da nüvə silahı daşıyıcısı olan yeni ortamənzilli raketin sınağını həyata keçirdiyini isbat edə bilər. ABŞ BMT-dən İranın beynəlxalq öhdəliklərə qarşı hörmətsizliyinə layiqli cavab verilməsini tələb edəcək". SİTATIN SONU.

Bundan öncə oktyabrın 11-də İranın müdafiə naziri Hüseyn Dehqan "Emad"  tipli ballistik raketinin uğurla sınaqdan keçirildiyini bildirib. Qeyd edək ki, İrana bu cür raket sınaqlarını qadağan edən 1929 nömrəli qətnamə 2010-cu ildə qəbul edilib. Ümumilikdə isə BMT-nin bu cür raket sınaqlarını məhdudlaşdıran iki qərarı mövcuddur.

 

2015-ci ilin iyul ayında Rusiya, ABŞ, Çin, İngiltərə, Fransa və Almaniyanın da iştirakı ilə İranla nüvə silahı əldə edilməyəcəyi istiqamətində razılaşma əldə olunub. Həmin razılığa əsasən, Tehran nüvə texnologiyasının yalnız dinc məqsədlərlə istifadə olunacağına dair müvafiq öhdəlik götürüb. Bunun əvəzində isə ABŞ və BMT Təhlükəsizlik Şurası bu ölkəyə tətbiq olunan iqtisadi və maliyyə sanksiyalarının ləğv olunacağını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv