Tələbə yataqxanasından başlayan təhsil - XÜSUSİ REPORTAJ

Ötən il Azərbaycan təhsil sistemində yenilik oldu. Savadlı, bacarıqlı , hazırlıqlı tələbələrdən ibarət SABAH qrupları yaradıldı. SABAH  qruplarında təhsil alan tələbələrin üstünlükləri onların həm də yataqxana ilə təmin edilməsi oldu. Biz indi o yataqxanadayıq.

 

Bu layihə xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələri bir araya gətirdi. Raqib və İlkin artıq iki ildir SABAH qrupunun ilk tələbələrindəndi. Bu qrupda təhsil almaları onları həm də yataqxana ilə təmin edib. Burada qalan tələbələrin bütün ehtiyaclarını Təhsil Nazirliyi öz öhdəsinə götürüb. SABAH qrupunun 322 tələbəsi yataqxana ilə  təmin olunub.

 

“Nuş olsun nə yeyirsiniz ? Ev yeməyinə bənzəyirmi?”

 

“Bəli, bənzəyir, çox dadlıdır. Razıyıq yeməkdən”.

 

“Gün ərzində 3 dəfə yeməklə təmin olunuruq. Səhər, günorta, axşam. Birinci yemək sup olur, sonra düyü, makaron, kotlet və sair”.

 

Yeməklərimizi yedik, stolları səliqəyə saldıq. Bir az yorğunluğu çıxardıqdan sonra dərslərə başlamaq lazımdır. Üz tutduğumuz yer idman zalıdır.

 

Yataqxanada idman zalları da yaradılıb. Tələbələr asudə vaxtlarını səmərəli keçirmək üçün idmanla məşğul olurlar.

 

Artıq dərslərə başlamaq lazımdır. Əvvəlcə kitabxanaya üz tuturuq. Tələbələr burada ixtisas fənləri ilə yanaşı, müxtəlif bədii kitabları əldə etmək imkanı qazanırlar. 15 gündür yataqxananın qonağı olan Bakı Dövlət Universitetinin II kurs tələbəsi Şəhriyar Əsədov gününün çox hissəsini kitabxanada keçirir.

“Əlavə vaxtlarımızda bədii kitab oxuyuruq. Mən indi "Bakının quruluşu tarixi"ni oxuyuram. Çox sevirəm tarixi. Bundan başqa, kimyaya da aid kitablar var”.

Burada kitabxananın, kino zalının, danışıq kurslarının rəhbərləri elə tələbələr özləridir. Onlar seçki yolu ilə rəhbər seçir, qərarları birgə qəbul edirlər.

Yataqxananın direktor müavini Türkay İsrafilovanın sözlərinə görə, buradakı tələbələrin digərlərindən fərqli olaraq, sosial aktivlikləri daha çoxdur: “Öz üzərlərində işləyir, bir-birini inkişaf etdirirlər. Yataqxana daxili idarəetmə heyəti var. Burada seçkilər keçirilir. İdarə heyətində PR meneceri, layihə meneceri, fərdi işlər üzrə meneceri var”.

Burada xarici dil kursları təşkil edilir, fərdi inkişaf, karyera, xaricdə təhsil proqramları keçirilir.

Tələbələrdən 84 nəfəri qızdır. Qızlar yataqxananın 5-ci mərtəbəsində qalır, oğlanların ora girişi qadağandır. Bina 925 kamera vasitəsilə müşahidə edilir, tələbələrin təhlükəsizliyi təmin olunur. Bunu valideynlər də təsdiq edir.

Valideyn Rasim Cəlilov burada tələbələrə yaradılan şəraitdən çox razıdır: “Çox razı qaldım, xoş oldu mənə. Lazım olan bütün şərait var”.

Füzuli rayonundan məcburi köçkün olan, BDU-nun 3-cü kurs tələbəsi Səhər Səfərova deyir ki, zəhmətkeş tələbələrə dəyər verildiyini görmək onlara stimul verir.

"Mən SABAHA qəbul olanda yataqxananı bilmirdim. Bilirdim ki, daha savadlıları bir yerə yığırlar. Eşitdim ki, yataqxana da təklif edirlər. Mən köçkünəm, qalmağa yerim yox idi. Gəldim, heç görmədiyim bir mühitə düşdüyümü gördüm. Mən bədii əsər oxuyan deyiləm, ancaq uşaqların fikirlərini eşitdikcə görürdüm ki, nə isə öyrənmək olur. Universitetdə ancaq oxuyan uşaqları bir yerə yığıblar, bu da rəqabət yaradır".

Hər otaqda 4 nəfər yaşayır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri olan müsahiblərimiz SABAH qrupunu yaşıl işıq hesab edirlər.

Ruslan Səfərov: “Köhnə təhsil sistemindən yeni təhsil sisteminə bir keçid oldu SABAH qrupları. Həm də digər qruplardan fərqli olaraq, burada tədris ingilis dilində aparılır, multimedia ilə keçirilir.

Raqib Qasımov: “SABAHda həm ödənişli, həm də dövlət hesabına təhsil alan tələbələrə təqaüd verilir. Zərbəçilərə 50, əlaçılara 70 manat verilir”.

İxtisasları üzrə ən yaxşı tələbələri və müəllimləri vahid məkanda birləşdirən SABAH qrupunun tələbələri deyir ki, bu, ali təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların artması deməkdir.

SABAH qruplarına həqiqətən ehtiyac var. Ancaq kadr məsələlərinə bir az diqqət etmək lazımdır. Məsələn, bizim Universitetdə müəllimlərin əksəriyyəti yaşlı müəllimlərdir. Xaricdə oxuyan tələbələr indi müəllim kimi çalışırlar. Onları  bizə təhkim etsələr, məncə, daha yaxşı olar.

Qeyd edək ki, hazırda SABAH qruplarında 11 ali təhsil müəssisəsi üzrə 1632 tələbə 45 ixtisas üzrə təhsil alır

 

Müəllif | Apa.Tv