Türkiyədə xüsusi əməliyyat: 11 PKK-lı öldürüldü, 17-si ələ keçirildi
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Hakkari vilayətində keçirdiyi əməliyyat zamanı 11 PKK terrorçusu öldürülüb. APA TV-nin türk mətbuatına istinadən verdiyi məlumata görə, aviazərbələr nəticəsində Hakkarinin Yüksəkova qəsəbəsində terror təşkilatı üzvlərinin gizləndiyi yerlər və silah anbarları məhv edilib. Aparılan axtarışlar zamanı ərazidən bir ədəd pulemyot, 8 Kalaşnikov avtomatı, 1 ədəd "Biksi" markalı silah, 1 ədəd snayper, 4 ədəd PRG-7 tipli minaatan, 10 ədəd əl qumbarası, səhra şəraitində əlaqə yaradılması üçün nəzərdə tutulan simsiz rabitə vasitələri, terror təşkilatına aid bir sıra sənədlər aşkar edilib. Diyarbəkirdəki hərbi əməliyyatlar zamanı isə Licə qəsəbəsindəki düşərgədə 1 ədəd Kalaşnikov, 4 avtomat darağı, kustar üsulla hazırlanmış 15 ədəd partlayıcı qurğu, terrorçuların qidalanması üçün nəzərdə tutulan müxtəlif növ ərzaq məhsulları aşkar edilib. Bir neçə bölgədə keçirilən əməliyyatlarda ümumilikdə 17 terrorçu da ələ keçirilib.