Lənkəran-Lerik şosesində təhlükə yaranıb

Ötən gün səhər saatlarından başlayan intensiv yağışlar Lənkəran-Lerik şosesində  də problemlər yaradıb.

 

APA TV-nin cənub bürosunun məlumata görə, yolun ayrı-ayrı ərazilərinin yuxarı yamac hissələrində baş verən mütəmadi yuyulma və  xırda sürüşmələr nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərə səbəb olub.

 

43 saylı  Lerik Rayon Yol İstismar İdarəsinin işçiləri və ağır texnikası sutka ərzində əraziyə nəzarət etməklə, yola tökülmüş gil, torpaq qatını təmizləməklə məşğuldur.  İdarənin rəisi Elxan Əliyevin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, sözügedən ərazidə sürüşmələrə qarşı həyata keçirilən tədbirlər mütəmadi xarakter daşısa da, sürüşmələr stabilləşmir, əksinə, daha da aktivləşir. İdarə rəisi bunun başlıca səbəbini  yay fəslinin quraq, payız və qış aylarının isə yağmurlu keçməsi ilə əsaslandırıb.

 

Qeyd edək ki, Lənkəran-Lerik şosesində son vaxtlar ağır tonnajlı yük maşınlarının müntəzəm hərəkət etməsi səbəbindən yol demək olar ki, dağılıb, ayrı-ayrı yerlərdə çalalar yaranıb. Bu isə minik avtomobilləri sahiblərinin narazılığına səbəb olub. Ümumiyyətlə, yolun əsaslı təmir və bərpasına ehtiyac duyulur.

 

Bununla belə, hazırda Lənkəran-Lerik şose yolunda nəqliyyat vasitələrinin sərbəst hərəkət üçün hələlik heç bir ciddi maneə mövcud deyil.

Müəllif | Apa.Tv
Apa.tv