İlhamə Quliyeva: “Köməkçim məni zəhərləmək istəyib”
”Oğlumun dostuna deyib ki, mənə zəhər tap, İlhaməni öldürmək istəyirəm”. Bu sözləri xalq artisti İlhamə Quliyeva bu gün həyatına sui-qəsd edilməsi iddiası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O, işdən çıxardığı köməkçisi Mehriban Hüseynova barəsində danışıb. İlhamə Quliyevanın sözlərinə görə, il yarım bundan əvvəl Mehriban Hüseynova (Bəylərqızı) onun evinə köməkçi-xadimə kimi işə götürülüb.
"Oğlumun dostu dedi ki, İlhamə xanım, evə kamera qoy. Mən də dedim, niyə? Dedi, sözdür deyirəm. Soyuducudan mənə verəcəyi dərmanları tapmışam. Polislərə təqdim etmişəm. Sonra evimdən 5000 min manat və 2000 dollar oğurlayıb, gedib mənim adımdan saxta vəsiyyətnamə hazırlatdırıb. Onun səs yazıları var. Həmin səsyazmalarda bildirib ki, İlhaməni öldürüb, var dövlətini ələ keçirəcəyəm. Mənim adımı senzuradan kənar sözlərlə çağırır. Mənim yeməklərimə psixotrop dərmanlar atıb. Onun evimdə olduğu müddətdə özümü çox pis hiss etmişəm. Sən demə, yeməyimə dərman qatırmış.
Xalq artistinin sözlərinə görə, M. Hüseynova onun evindən bir çox şey oğurlayıb: “Bir neçə brilliant üzüyümü oğurlayıb. Eynəyimi, ətirlərimi, şubalarımı oğurlayıb. Bu adam mənə cadu etdirib. Cadularda yazılıb ki, İlhamə fevral ayına qədər öləcək. Evdə bütün şəkillərimin arxasından düyünlü cadular, nə qədər qıfıllar tapılıb”.
İlhamə Quliyeva bildirib ki, oktyabrın 5-də onu evindən qovub. Daha sonra oktyabrın 7-də onu evinə çağırıb və bağışlayacağını deyib. Mehriban Hüseynova xalq artistinin evinə gəlib və saxlanılaraq bölməyə aparılıb: “Məni arxayın etdilər ki istintaq gedir, biz onu Kürdəxanıya göndərdik. Mən də rahat oturmuşam. Bunu işdən çıxarandan sonra ailəmizlə birgə, getdim Mirmövsüm Ağa Ziyarətgahında qurban kəsdim ki, şükür, bundan canım qurtardı. Elə bağda yedik. Daha sonra gecə evə gedəndə uşaqlara dedim ki, maşını sürün onların məhəlləsinə. Getdik onların məhəlləsinə. Evləri Tennis Akademiyasının yanındadır. Evlərinə yaxınlaşan kimi gördük, Mehriban Xatirə adlı rəfiqəsi ilə maşında oturub. Həmin zaman oğlum onlara yaxınlaşdı. Elə o an oğlumun üstünə cumdular. Mehribanın əri Tofiq mənim oğluma dedi ki, səni tutduracağam. Bu zaman maşından düşdüm, onlar da maşına oturub, qaçdılar. Üç maşın idilər. Həmin maşınların da nömrələrini götürmüşük".
Qeyd edək ki, xalq artisti tədbirdə Mehriban Hüseynovanın səs yazısını və videoyazılarını təqdim edib.