Azərbaycan-Rusiya sərhədində gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib

Rusiyanın Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunun Tahirkənd Qazmaları sərhəd keçid məntəqəsi bağlanıb. Bu səbəbdən Xaçmaz rayonu ərazisində Xanoba keçid məntəqəsinin də fəaliyyəti dayandırılıb. Bununla əlaqədar Samur gömrük keçid məntəqəsində intensivlik artıb. Keçid məntəqəsinin rəis müavini Cavid Nadirovun sözlərinə görə, vətəndaşların, avtomaşınların qonşu ölkəyə vaxtında və növbəsiz keçməsi üçün gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib. C. Nadirov APA TV-nin yerli bürosuna  bildirib ki, gün ərzində gömrük keçid məntəqəsindən Rusiya ərazisinə 250-300 maşın buraxılır: “Hazırda keçid məntəqəsində hər hansı problem və növbə yoxdur”.

 

Rusiya vətəndaşı Ağaşirin Allahquliyev sərhəddən keçməkdə hər hansı problem olmadığını bildirib: “Mənim atam Azərbaycanda yaşayır. Həftədə bir dəfə gəlib qayıdıram. Hər hansı problem yoxdur”.

 

Qeyd edək ki, Tahirkənd Qazmaları sərhəd keçid məntəqəsi təmir işləri ilə əlaqədar 1 ay müddətinə bağlanıb. Rusiya tərəfində keçid məntəqəsinin bağlanması ilə əlaqədar Xaçmaz rayonu ərazisində yerləşən Xanoba keçid məntəqəsi də həmin vaxtdan etibarən öz fəaliyyətini dayandırmalı olub.

Müəllif | Apa.Tv
Vəli Turan