Cəlilabadda qeyri-adi oğurluq: Ev quşlarının dimdiklərini yapışdırıb apardılar
Cəlilabadda oğurluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhər sakini Nəsir Quliyevə məxsus fərdi təsərrüfatda qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər xüsusi alətlərdən istifadə etməklə təsərrüfat sahibinin quş damına girərək, oradan xeyli sayda toyuq-cücə, ördək və hind toyuğu oğurlayıblar. Maraqlıdır ki, oğrular ev quşları səs salmasın deyə, onların dimdiklərini yapışqan kağızlarla bağlayıblar.
Bankdan götürdüyü yüksək məbləğdə kreditlə fərdi təsərrüfatını inkişaf etdirmək fikrində olan Nəsir Quliyevin sözlərinə görə, bir gecədə ona xeyli maddi ziyan vurulub: "50 baş hind toyuğum, 30 baş qazım, 25 baş ördəyim və 30 başa yaxın toyuq-cücəm oğurlanıb. Ümumilikdə isə mənə 5 min manata yaxın maddi ziyan dəyib".
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Oğurluq hadisəsini törədənlərin tapılıb istintaq orqanlarına təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.