Saatlıda bazarda güclü yanğın! 83 mağaza külə döndü – HADİSƏ YERİNDƏN
Ötən gecə Saatlı rayonunda yerləşən "Araz Şöhrət" ticarət mərkəzi (keçmiş kolxoz bazarı) yanıb.
APA TV-nin məlumatına görə, müxtəlif mallar satılan ticarət mərkəzi 7 min kvadratmetr sahədə tamamilə yanaraq sıradan çıxıb.
83 sahibkara məxsus müxtəlif profilli mağazalar əşyaları ilə birgə yanaraq külə dönüb. Sahibkarlara külli miqdarda maddi ziyan dəyib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı, Sabirabad və İmişli Yanğından Mühafizə hissələrinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Ticarət mərkəzində baş verən yanğın çətinliklə də olsa, lokallaşdırılıb. Mərkəzin bir hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
Yanğının hansı səbəbdən baş verməsi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılır.