Tovuz sakini minaya düşdü - MÜHARİBƏ

Tovuzda mülki şəxs minaya düşüb. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə ötən gün günorta saatlarında rayonun Ağbulaq kəndində baş verib.

 

Mal-qara axtarmaq üçün meşəyə gedən kənd sakini 28 yaşlı Elvin Qafarov minaya düşüb.

 

Zərərçəkənin atası Cabir Qafarov deyir ki, həmin gün Bakıdan Tovuza yenicə qayıdıbmış: "Axşamdan heyvanımız gəlməmişdi. Mən də burda yox idim, Bakıda idim. Gəldim ki, bunlar narahatdır. Dedim nədir? Dedilər, inəyimiz gəlməyib. Dedim, gəlməyib gəlməyibsə, bundan sonra hara gedirsiz. Səhər-səhər durdu, dedi ki, getmək istəyirəm inəyi axtarmağa. Dedim ki, getmə. Dedim, o inək gələsi olsa, gələcək. Gələsi olmasa, istəmirəm o inəyi. Bir dəfə yox, on dəfə belə demişəm. İstədim arxalarınca gedim. Ora da yoxuşdur".

 

Partlayış nəticəsində 28 yaşlı gənc hər iki ayağından ağır, onunla bir yerdə gedən 58 yaşlı Qəhrəman Cabbarov isə gözlərindən yüngül xəsarət alıb. Onlar dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, 28 yaşlı Elvin Qafarovun sol ayağı amputasiya olunub, sağ ayağında isə qəlpə yaraları var.

 

Qəhrəman Cabbarovun gözlərinə dolan torpaq təmizlənib. Vəziyyətinin normal olduğu bildirilir.

Müəllif | Apa.Tv
Azər Məmmədli