ABŞ-da qəribə toy: bəy qaçdı, qayınana qəzəbləndi, "bomj"lar yeyib-içdi - KURYOZ
ABŞ-ın Sakramento şəhərində qeyri-adi toy olub. APA TV-nin Amerika mətbuatına istinadən verdiyi məlumata görə, şəhərdəki lüks otellərdən birində təşkil olunmuş toydan bəy qaçıb.
Bəyin qaçdığından xəbər tutan gəlinin anası Keri Dueyni çox qəzəblənsə də vəziyyətdən çıxmağı bacarıb: "Hirsimdən nə edəcəyimi bilmirdim. O yaramaz qızımı aldatmış, bizi biabır etmişdi. Son anda fikrini dəyişdiyini, toydan vaz keçdiyini söyləyir. Məgər bunu toydan əvvəl demək olmazdı?! Məhz toy günü bizi rüsvay etmək cəhdləri nəyə gərəkdir ki?! Toxtadım, ağlamadım. Zatən ağlayan, hıçqıran qızıma baxanda ürəyim dağlanırdı. Mən ağlamağa başlasam, qızım lap depressiyaya düşərdi".
53 yaşlı Kerinin sözlərinə görə, oteldə iki zalın icarəyə götürülməsinə, yemək-içməyə 35 min dollar xərcləyiblər.
Yeməklərin hədər getməməsi üçün dolu masaların arxasına şəhərdəki evsiz-eşiksizləri dəvət edib. Toy beləcə davam edib.