Zaqatala və Balakəndə daha 5 məktəb istifadəyə verildi
Zaqatalada zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş üç məktəb binası Bilik Günündə istifadəyə verilib. APA TV xəbər verir ki, açılış mərasimlərində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, hüquq-mühafizə orqan rəhbərləri, eləcədə FHN rəsmi nümayəndəsi, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Qəzalı vəziyyətə düşmüş Əliabad qəsəbə 3 saylı orta məktəbin binasının yerində Fövqaladə Hallar Nazirliyinin sifarişi əsasında 3 mərtəbəli, 480 şagird yerlik məktəb binası tikilib. 24 sinif otağı olan məktəb bütün lazımi avadanlıqlarla təchiz edilib. Fövqaladə Hallar Nazirliyinin sifarişi ilə inşa edilən, Aşağı Tala 1 saylı orta məktəbdə 17 sinif otağı var. Təhsil ocağında 309 şagird təhsil alır. Yenidən tikilən Danaçı kənd 1 saylı otra məktəbi isə 540 şagird yerlikdir.
2012-ci ilin mayında Zaqatalada baş verən güclü zəlzələdən sonra rayonda qəzalı vəziyyətə düşən 23 təhsil ocağından 17-si artıq Fövqaladə Hallar Nazirliyinin sifarişi ilə tikilərək müəllim və şagird kollektivinin ixtiyarına verilib. Daha 6 məktəbdə isə tikinti işləri gedir.
Bilik Günü münasibəti ilə Balakən rayonunda da iki yeni məktəb binası istifadəyə verilib. Şəhid Adil Əsgərov adına Qazbinə kənd tam orta məktəbində 220 şagirdin təhsili üçün yetərli 11 sinif otağı var. Rayonun Hənifə kəndində inşa edilən məktəbdə isə 24 sinif otağı, kimya və fizika lobaratoriyaları, 2 kompüter otağı, kitabxana, akt və idman zalları fəaliyyət göstərir. Məktəbdə 480 şagird təhsil ala bilər.