Daha 100 müharibə əlilinə "Naz-LİFAN" markalı avtomobil hədiyyə edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və onlara bərabər tutulanlardan daha 100 nəfərinə "Naz-LİFAN" markalı minik avtomobilləri təqdim edilib.

 

APA TV-nin xəbərinə görə, avtomobillərin təqdimat mərasimində çıxış edən nazirliyin Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bununla artıq ötən aydan etibarən 300 nəfərin minik avtomobili ilə təmin olunduğunu bildirib.

 

O qeyd edib ki, keçən il və cari ilin ötən dövründə 1833 nəfər müharibə əlilinə və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Xidmət rəisi avtomobillə təmin edilən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sayının artıq 5650 nəfərə yaxın olduğunu da diqqətə çatdırıb: "Bu gün 100 ədəd avtomobildən 60 ədədi Qarabağ müharibəsində əlil olanlara, 15 ədədi Böyük Vətən müharibəsi zamanı əlil olan şəxslərə, 13 ədədi Çernobıl AES-də qəzanın aradan qaldırarkən əlil olmuş şəxslərə, 10 ədədi hərbi xidmət zamanı xidməti vəzifələrini yerinə yetirərkən əlil olan şəxslərə, iki ədədi  isə 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə təqdim ediləcək. Bizim avtomobillə təminatımız cari ildə növbəti, sonuncu tədbirimizdə yekunlaşacaq. Növbəti ilin dövlət büdcəsində də bu məqsədlər üçün vəsait nəzərdə tutulub. Yəqin ki, yaxın zamanlarda büdcə Milli Məclis tərəfindən təsdiq edildikdən sonra biz də büdcə göstəricilərinə əsasən deyə biləcəyik ki, növbəti ildə də avtomobillərin alınması məqsədilə nə qədər vəsait nəzərdə tutulub və nə qədər  insan növbəti ildə avtomobillə təmin ediləcək".

 

Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər onlara yeni avtomobillərin təqdim olunmasından sonsuz sevinc hissi keçirdiklərini bildiriblər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova