Altı çoban itinin sahibi: " Malımı-pulumu verərəm, amma bu itləri satmaram" - REPORTAJ

Ta qədimdən insan oğlunun ən sadiq dostu itlər sayılır. Dünyada itlərin bir çox nəsli olsa da, Azərbaycanda yetişdirilən çoban itlərinin cinsinin tarixi daha qədimə gedib çıxır. Bu cinsdən olan itləri istər iqlim şəraitinə dözümlülüyü, istər həssaslığı, istərsə də ağıllı olduqları üçün asan tərbiyə olunması başqa cinslərdən fərqləndirir.

 

Mübariz Cəfərov Beyləqan rayonunun Dünyamalılar kəndində yaşayır. Təsərrüfatında “Çoban iti” cinsindən olan 6 it saxlayır. İtlərin hərəsinin öz adı var - Qoşa, Götürən, Yetirən, Alabaş, Bozdar və Pəpiş. Vaxtilə hərbçi olan Mübariz Cəfərov həyatı boyu itlər qədər etibarlı canlı görmədiyini deyir.

 

Çoban itləri barmaqları üzərində qaçar, saatda 50 kilometrdən çox məsafə qət edərlər. Sürüdə liderliyi ələ alan köpəklər öz sərhədlərinə sidik buraxmaqla yerlərini müəyyən edər. Hər it qonşu itlərin qoxulu iyini tanıyar və bölgəsinə girməz. Müsahibimiz deyir ki, hər it öz sahibinə çox oxşayar.

 

Sadiqliyi ilə məşhur olan çoban itlərinə sahibləri də biganə qalmaz. Həmsöhbətimiz "bu iti bizə neçəyə satarsan?" sualımızdan, deyəsən, bir az da inciyir. "Malımı-pulumu verərəm, amma bu itləri satmaram" deyir.

 

Tarixən olduğu kimi, bu gün də istər köçəri, istərsə də oturaq həyat yaşayan kəndlilərin təsərrüfatlarını qoruyan çoban itləridir. Çünki onların hissetmə və görmə qabiliyyəti çox güclüdür. Saməddin Musayev deyir ki, itlər olmasa, belə böyük qoyunçuluq təsərrüfatını heç kim saxlaya bilməz.

 

Dünya ölkələrində bu çoban itlərinin 2-3 aylıq balaları bazarlarda 1000 avrodan baha qiymətə satılır. Həmin çoban itlərindən polislər ən qatı cinayətkarların, narkotik vasitələrin, partlayıcı maddələrin və silahların axtarışında, eləcə də sərhəd xidmətlərində istifadə edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv