İran OPEK-dən tələb etdi: Hasilatı azalt, neftin qiyməti qalxsın!

İranın neft naziri Bican Nəmdər Zəngani "qara qızıl"ın dünya bazarında hazırda müşayiət olunan qiymətinin heç kəsi razı salmadığını açıqlayıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, o bildirib ki, OPEK məsələ ilə bağlı qərar verməlidir.

"OPEK-ə üzv ölkələr hasilatı azaltmalıdırlar, bu, neftin bir barelinin qiymətinin 70-80 dollara qədər artmasına səbəb olacaq", - deyə nazir vurğulayıb.


Bununla yanaşı Zəngani kartelin dekabrın 4-ə planlaşdırılan növbəti iclasında bu istiqamətdə hər hansı bir addımın atılacağına ümid etmədiyini də deyib.

OPEK isə artıq 16 aydır öz kvotasını sutka ərzində 30 milyon barel həcmində yüksəltməkdə davam edir. Təşkilat bununla bazarda öz payını qorumağa çalışır.

 

Son hesabatlara görə, sentyabr ayında "qara qızıl"ın gündəlik hasilatı 0,11 milyon barel artaraq 31,57 milyona çatıb. İran isə neftin ixracını Tehrana qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra sutkaya 500 min barel artırmaq gücündədir.
Qadağaların tətbiqinin götürülməsindən yarım il sonra isə İran bazarda öz payını bərpa etmək üçün ixracı 1 milyon barelə çatdıra bilər.

Bununla yanaşı İran 2021-ci ilə qədər gündəlik hasilatı 4,7 milyon barelə çıxarmağı düşünür. Ötən ay isə ölkədə ümumi hasilat günə 2,8 milyon barel təşkil edib.

Müəllif | Apa.Tv
Apa.tv