“Təhsil” televiziyasının studiyası təqdim olundu
Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi tərəfindən yeni yaradılmış studiya media nümayəndələrinə təqdim olunub.
APA TV-nin xəbərinə görə, yeni fəaliyyətə başlayan onlayn “Təhsil” televiziyasının verilişləri bu studiyada hazırlanır.
Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na uyğun olaraq yaradılmış “Təhsil” televiziyası uşaq və gənclərin intellektual fəaliyyətinin dəstəklənməsinə xidmət edir. Məktəblilər üçün “Brainiest” intellektual oyunu çərçivəsində AzTV-də yayımlanacaq “Əlaçı” verilişi də bu məqsədə xidmət edir.
Verilişin əsas tərəfdaşı Təhsil Nazirliyidir. Verilişdə ölkəmizin müxtəlif bölgələrindən olan məktəblilər iştirak edəcək. Bu ilin martından beynəlxalq “Jeopardy” intellektual oyun-viktorinanın lisenziyası əsasında “61” verilişi də ölkəmizdə yayımlanır.
Hazırda “Təhsil” televiziyasının verilişləri Təhsil Nazirliyinin saytında, rəsmi “Facebook” səhifəsində və nazirliyin “Youtube” kanalında yerləşdirilir.