Bakıda Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirildi

Bu gün Bakıda Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Georgi Kvirikaşvili arasında görüş keçirilib.

 

APA TV-nin məlumatına görə, əvvəlcə hər iki nazir təkbətək görüşüblər. Daha sonra geniş formatda görüş olub. Tərəflər Azərbaycan və Gürcüstan arasında siyasi münasibətlər, enerji, nəqliyyat sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Azərbaycan prezidenti İlham Əliyevin 6 noyabr tarixində Gürcüstana rəsmi səfəri zamanı imzalanması planlaşdırılan sənədlər də nəzərdən keçirilib. Görüşdən sonra keçirilən mətbuat konfransında Elmar Məmmədyarov bildirib ki, prezident İlham Əliyevin Tiflisə səfəri zamanı Gürcüstan tərəfi ilə müzakirə oluna biləcək məsələlərdən biri sərhədlərin delimitasiyasıdır: “Sərhədlərin delimitasiyası üzrə komissiya öz işini davam etdirməlidir. Gürcüstan nümayəndə heyəti mart ayında Bakıda səfərdə olub. Bu ilin sonu və ya gələn ilin əvvəlində məsələ ilə bağlı növbəti görüş keçirilməlidir. Strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır”.

 

Georgi Kvirikaşvili isə deyib ki, Azərbaycanla Gürcüstan arasında nümunəvi əməkdaşlığı yüksək dəyərləndirir. Qonaq Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirləri formatını yüksək qiymətləndirdiklərini söyləyib.

Müəllif | Apa.Tv
Apa.tv