Daşkəsən sakini: “Ailə vəziyyətim ağır olduğuna görə 2,5 kilo nəşəni 3 minə satmaq istəyirdim”
Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Daşkəsən rayon sakini Bəylər Tağıyev şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilib.
APA TV-nin xəbərinə görə, onun üzərinə baxış keçirilən zaman ondan sellofan torbaya bükülmüş ümumi çəkisi 2 kiloqram 585 qram olan marixuana aşkar olunub.
Baş təhqiqatçı Anar Şahverdiyev bildirib ki, saxlanılan şəxsin dediyinə görə, narkotik maddəni Tovuz rayonunda çöllük sahədən yığaraq, yaşadığı evdə elektrik sobasında qurudub, satmaq məqsədilə Bakı şəhərinə gətirib.
Saxlanılan 57 yaşlı Bəylər Tağıyevin sözlərinə görə, o, Bakıya gələrək narkotik maddəni Sahil qəsəbəsində tanımadığı şəxslərə satmaq istəyib: "Tovuz rayonunda yolda yetişməmiş nəşə tapdım. Onu yığıb Bakıya satmağa gətirdim. Ailə vəziyyətim ağır olduğu üçün 3000 manata satmaq istəyirdim".
Qeyd edək ki, bu, Daşkəsən sakinin ilk məhkumluğu olacaq. Hazırda istintaq onun digər cinayət əməllərində əlinin olub-olmadığını araşdırılır.