Prezident İlham Əliyev 158 saylı məktəbdə olub

Hər bir ölkənin inkişafını onun insanları, insanların bilikləri, istedadı müəyyən edir. Bu fikirləri prezident İlham Əliyev 158 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi zamanı müəllim və şagird heyəti ilə görüş zamanı deyib. Onun sözlərinə görə,  ölkələr var ki, orada təbii sərvətlər yoxdur, amma bu ölkələr dünyada ən inkişaf etmiş ölkələridir. Prezident qeyd edib ki, Azərbaycanın təbii sərvətləri var və təbii sərvətlərdən əldə edilmiş gəlirlər insan kapitalına, təhsil sahəsində aparılan islahatlara yönəldilməlidir.

 

Prezident çıxışında bildirib ki, təhsil sahəsində aparılan islahatlar yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracaq. O, bu gün təhsil sahəsində qarşıda duran vəzifələrdən də danışıb.

 

Ölkə başçısı bu ilin yay aylarında Bakıda 46, ölkə üzrə isə 200-dən çox məktəbin təmir edildiyini deyib. Onun sözlərinə görə, son 10 ildə 2700-dən çox məktəb tikilib və əsaslı təmir edilib.

 

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əsaslı təmir və yenidənqurma işləri aparılmış 158 nömrəli tam orta məktəbin açılışına qatılıblar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı məlumat verərək bildirib ki, 1850 şagird yerlik məktəb üç tədris korpusundan və bir yardımçı binadan ibarətdir. Əsaslı təmir və yenidənqurma işləri bu ilin mayında başlanıb, qısa müddətdə məktəbin bütün sinif otaqları, fənn kabinetləri, yeməkxanası, kitabxanası, akt və idman zalları təmir edilib, yüksək standartlara uyğun şərait yaradılıb.

 

Müəllif | Apa.Tv