"Azərenerji"nin sədri: "Bütün gecikən maaşlar dünən verilib"
"Son zamanlar bütün proseslərdə müəyyən qədər gecikmələr olub, işçilərimizin maaşı 1 aya qədər gecikib. Dünən biz bütün maaşları ödədik". APA TV-nin xəbərinə görə, bu açıqlamanı jurnalistlərə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev bildirib.
Sədrin sözlərinə görə, maaşların gecikdirilməsinin bir çox səbəbləri var.
"Bir sıra sahələrdə yubanmalar oldu, ona görə də maaşlar bir aya qədər gecikdi. Biz kredit qaytarırıq. Ola bilsin ki, 1 ay kredit çox qaytarılır, 1 ay az qaytarılır. Bunun maaşların gecikməsinə təsiri var".
Etibar Pirverdiyev qeyd edib ki, "Azərenerji" yeganə qurumdur ki, götürdüyü kreditləri özü qaytarır.
Sədr təmsil etdiyi qurumun vergi borcları məsələsinə də aydınlıq gətirib. O bildirib ki, borcların əsas hissəsi ötən illərdən qalıb:
"Bundan başqa, bu il Vergilər Nazirliyinə bütün vergiləri qaytarmışıq. Hər il Vergilər Nazirliyinə 150 milyon manat vergi ödəyirik. Mən sosial ödənişləri və vergiləri nəzərdə tutmuram. Amma vergilərin ödənilməyən hissəsi qalıb. Bu, kolxozların, sovxozların vaxtından qalma vergilərdir ki, hər il də bunların üzərinə 36% cərimə gəlir"
Payız-qış mövsümünə hazırlıqdan danışan "Azərenerji" ASC-nin sədri bu ildə bu sahədə ciddi problemlərin olmadığını vurğulayıb.