Natiq Əliyev: "Enerji tarifləri artırılmayacaq"

"Azərbaycanda enerji tariflərinin artırılması ilə bağlı yayılan xəbərlər şayiədir". APA TV-nin məlumatına görə, bunu energetika naziri Natiq Əliyev bildirib.

 

Onun sözlərinə görə, tariflər artırılmayacaq: "Biz heç vaxt enerji tarifləri (tariflərin artırılması - red.) məsələsinə baxmamışıq. Heç Tarif Şurası da baxmayıb. Ona görə də kimsə bunu seçkilərdən öncə ortaya atmaqla bundan istifadə etmək istəyir".

 

Nazir "Azərenerji" ASC-də əmək haqlarının gecikməsi məsələsinə də münasibət bildirib: "Buna da "Azərişıq" nəzarət edir. "Bilirsiniz, "Azərenerji"nin fəaliyyəti elektrik enerjisinin istehlakından əldə olunan vəsaitlərdən asılıdır. Elektrik enerjisinin vəsaitləri vaxtlı-vaxtında gəlmir. O yığımlar asılıdır “Azərişıq”dan. Yəni “Azərişıq” elektrik enerjisinin pulunu yığır və daha sonra “Azərenerji”yə köçürür. “Azərenerji” isə bu vəsaitləri istifadə edir işçilərin maaşına, nəqliyyat və digər xərclərə. Bu, zəncirvari prosesdir. Əgər “Azərişıq” vaxtlı-vaxtında, tam şəkildə “Azərenerji”yə pulu verirsə, burada heç bir problem olmur".

 

Natiq Əliyev Azərbaycanın OPEC-in iclasına qatılmamasının səbəbini açıqlayıb: "Biz OPEC-in iclasında iştirak etmək üçün dəvət alsaq da, düşündüm ki, orada müzakirə olunan məsələlər bizim üçün o qədər də vacib deyil. Buna görə özüm qərar qəbul etdim ki, orada iştirak etməyə ehtiyac yoxdur".

 

N.Əliyev vurğulayıb ki, OPEC-in iclaslarında bir neçə vacib məsələ, o cümlədən neftin hasilatının azaldılması ilə bağlı məsələyə dəfələrlə baxılsa da, Səudiyyə Ərəbistanı başda olmaqla, digər OPEC ölkələri heç zaman buna getməyib. "Şübhəsiz ki, OPEC vaxtında belə bir qərar qəbul etsəydi, neftin hasilatını aşağı salsaydı, ola bilsin ki, neftin qiyməti artardı. Bu, bizim üçün də əlverişli olardı. Eyni zamanda qeyri-OPEC ölkələri də neftin hasilatının azaldılması ilə bağlı səy göstəriblər", - deyə nazir əlavə edib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı