Ağsuda maskalı şəxslər evə basqın etdi - İKİNCİ DƏFƏ
Ağsu rayonunda maskalı şəxslər yaşayış evinə basqın ediblər. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xatman kəndində qeydə alınıb.
1937-ci il təvəllüdlü kənd sakini Hekayət Şanəsib oğlu Soltanov gecə yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb. Maskalı şəxslər Hekayət Soltanovun evinə daxil olaraq onu döyüblər, sonra əllərini kəndirlə bağlayıblar və ona bıçaqla hədə-qorxu gələrək pulları tələb ediblər. Qorxusundan səs-küy salmayan 78 yaşlı təqaüdçünün evindən 500 manat pul götürən soyğunçular mənzildən mis və alüminium qab-qacağı da aparıblar.
Zərərçəkən Hekayət Soltanov APA TV-nin yerli bürosuna bildirib ki, evə basqın edənlər 3 nəfər olublar və evdə axtarış apararkən hər şeyi alt-üst ediblər. Onları evə gətirən avtomobil isə küçədə dayanıb, sürücü soyğunçulara bələdçilik edib: “Onlardan ikisinin əlində bıçaq var idi və məni ölümlə hədələdilər. Ayaqlarımdan ikinci qrup əliləm. Mənim onlara müqavimət göstərməyə gücüm çatan deyildi. Tənha yaşayıram, çarəsiz qalıb sakit dayandım. Əl-qolumu bağladılar, ağzıma parça doldurdular. Sonra mənə bıçaqla çoxlu işgəncə verdilər. Onlardan biri dırnağımın altına bıçağın ucunu salırdı, biri üzümə, boğazıma bıçaq çəkirdi. Üçüncü adam isə əli ilə boğazımdan yapışaraq bədənimə ayaq zərbələri endirirdi. Onlar mənə işgəncə verərək, pul tələb edirdilər. Yalvardım ki, məni öldürməyin, pulu götürün gedin. Onlar da köməksiz olduğum üçün evimi soyub apardılar. Pensiya pullarımı oğurladılar. Mən o pulları Bakıya müalicə olunmağa getmək üçün toplamışdım, qismət olmadı”.
Hekayət Soltanov iki il öncə də analoji hadisənin başına gəldiyini bildirib. O deyib ki, iki ilə öncə naməlum şəxslər evə basqın edərək onu döymüşdülər və 2 min manat pulunu aparmışdılar. Həmin soyğunçuların tapılması üçün iki ildir ki, Ağsu Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilən axtarış tədbirləri hələ də bir nəticə verməyib, soyğunçular tapılmayıb.
Qeyd edək ki, ötən gecə baş verən hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Hekayət Soltanovun mənzilinə baxış keçiriblər, onun izahatı alınıb. Soyğunçuların tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hekayət Soltanovun qonşusu Afəddin Nemətov deyir ki, Xatman kəndi rayon mərkəzindən 40 kilometr aralıda, ucqar dağlıq ərazidə yerləşir: "Bu kənddə yaşayan tənha qadınlar, yaşlı kişilər Hekayət Soltanovun ikinci dəfədir ki, başına gələn hadisədən sonra çox narahat olublar. Biz yaşlı insanlar artıq gecələr rahat yata bilmirik, qorxuruq ki, həmin maskalı şəxslər bizim evə də basqın edə bilər. Onların hüquq-mühafizə orqanları tərəfindən tezliklə tapılaraq cəzalandırılmasını istəyirik”.