Mədət Quliyev milli təhlükəsizlik nazirinin I müavini təyin edildi - SƏRƏNCAM
Mədət Quliyev Azərbaycanın milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir. 1980-1982-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edib.
1992-1994-cü illərdə DIN-in Terrorizm və banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb. 14 fevral 2011-ci ildə ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli sərəncamı ilə ona polis general-mayoru, 20 noyabr 2012-ci il tarixli sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
Azərbaycanın Milli Qəhrəmanı olan Mədət Quliyev ailəlidir. İki övladı var.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi barədə də fərman imzalayıb.