Masallıda güclü yanğın: bir ailənin 3 üzvü xəsarət aldı
Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 20-də rayonun Çaxırlı kənd sakini, 38 yaşlı Qəzənfər Quliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Ev sahiblərinin nəzarətsizliyi səbəbindən uşağın əlindəki paltarın elektrik cihazının üzərinə düşməsi ilə evdə güclü yanğın başlayıb. Nəticədə ev sahibinin həyat yoldaşı, 24 yaşlı Şahanə Quliyeva, övladları - 2 yaşlı Nuran və 4 yaşlı Aylin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanada xəsarət alanlara lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyətləri ağırlaşdığından Bakı şəhərindəki yanıq mərkəzinə yola salınıblar.
Qeyd edək ki, evdəki yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onları səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Bununla belə, ümumi sahəsi 308 kv. m olan 6 otaqlı evin birinci mərtəbəsindəki otaqlardan biri 40 kv. m sahədə içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.