Saatlıda sürüyə canavar hücumu: 30 qoyunu apardılar
Canavarlar təsərrüfatda 30 qoyunu parçalayıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Əbilkənd kəndi ərazisində - Mehman Bəxtiyar oğlu Orucovun təsərrüfatında qeydə alınıb.
Gecə saatlarında bir neçə canavar tövlədə olan qoyun-quzuya hücum edərək 24 qoyunu parçalayıb, 6-sını aparıb, 5-ni isə yaralayıb. Təsərrüfat sahibinə 5 min manatdan çox ziyan dəyib. Canavarlardan birini görən ev sahibi adı “Qırmızı Kitab”da olan vəhşi heyvanı öldürməyə ehtiyat edib.
Saatlı rayon Baytarlıq Xidməti qoyunlardan nümunə götürüb və ərazidə dezinfeksiya işləri aparılıb. Ölmüş qoyunlar baytarlıq xidməti tərəfindən basdırılıb.